×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda mülki müdafiənin vəziyyəti məsələləri ilə bağlı metodiki toplanış keçirilib

Bakı, 11 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi yanvarın 11-də Nəsimi Rayon İcra Hakimiyyətində “Nəsimi rayonunda mülki müdafiənin vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış keçirib.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, tədbirin əsas məqsədi rayonda mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olub.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov mülki müdafiə işinin təşkili ilə bağlı görülmüş işlər barədə məlumat verib, mövcud problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Sonra Bakı Regional Mərkəzinin nümayəndələri “Rayonda mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin və mühəndis mühafizəsinin vəziyyəti”, “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında çıxışlar edib və rayonda yerləşən müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud çatışmazlıqlar və problemlərin həlli ilə bağlı məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Toplanışda rayonun mənzil-kommunal təsərrüfatı birliyi və digər aidiyyəti qurum rəhbərləri tərəfindən mülki müdafiənin təşkili ilə bağlı problemlərin həlli istiqamətində həyata keçirilmiş və nəzərdə tutulmuş işlər barədə məlumat verilib.
Tədbirdə səslənən məruzə və çıxışlara münasibət bildirən FHN-in Bakı Regional Mərkəzinin nümayəndəsi mülki müdafiənin təşkili, xəbərdarlıq, fərdi və kollektiv mühafizə vasitələrinin əhalinin təhlükəsizlyinin mühafizəsindəki vacibliyini vurğulayıb, bu sahədə mövcud problemlərin həllinin ən prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb.

Sosial 2019-01-11 22:19:00