×
A
A
A
Sazlamalar

Fevralda Çinə ixrac missiyası təşkil olunacaq

Bakı, 11 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) fevral ayında Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib.
AZƏRTAC xəbər verir ki, ixrac missiyası fevralın 25-dən martın 1-nə qədər davam edəcək.
İxrac missiyasında qida məhsullarının, şərab və digər spirtli içkilərin istehsalı ilə məşğul olan sahibkarlar iştirak edə bilərlər.
İxrac missiyasında iştirak etmək üçün ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur. Müsabiqə fevralın 4-də AZPROMO-da təşkil olunacaq.
İxrac missiyasında iştirak üçün sənədlər yanvarın 28-dək AZPROMO-ya təqdim olunmalıdır.

Biznes 2019-01-11 14:30:00