×
A
A
A
Sazlamalar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Gənclər Fondu arasında anlaşma memorandumu imzalanıb YENİLƏNİB

Bakı, 11 yanvar, Həsrət Mahmudova, AZƏRTAC
Yanvarın 11-də Bakı Konqres Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikası Gənclər Fondu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov mərasimdə çıxış edərək memorandumda vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin yüksəldilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması, gənclərin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov memorandumun tədbirlərin daha kütləvi, fərqli forma və məzmunda keçirilməsi istiqamətində yeni platforma olduğunu vurğulayıb. Bildirib ki, Anlaşma Memorandumu həm də iki qurum arasında qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu faydalı əməkdaşlığın qurulması üçün möhkəm təməl olacaq.
Sonra Arzu Rəhimov və Fərid Cəfərov anlaşma memorandumunu imzalayıblar.
Anlaşma Memorandumuna əsasən, bu il ərzində “Vətənin müdafiəsinə hazıram!” devizi altında müxtəlif formatlarda keçiriləcək maarifləndirmə xarakterli silsilə tədbirlərin planı hazırlanıb. Gənclər təşkilatları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə reallaşdırılması planlaşdırılan tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasına, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsinə xüsusi önəm veriləcək.
İmzalanma mərasimindən sonra Dövlət Xidmətinin və Gənclər Fondunun təşkilatçılığı ilə “Gənclər və gənclər təşkilatlarının vətənpərvərliyin təşviq və təbliğ edilməsi prosesindəki vəzifələri” mövzusunda konfrans təşkil olunub.
Konfransda Azərbaycan Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov çıxış edərək gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi və onlarda Vətənə məhəbbət hissinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu məsələlər ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Məhz bu baxımdan Fond hərbi-vətənpərvərlik yönümlü layihələrin dəstəklənməsinə və maliyyələşdirilməsinə xüsusi önəm verir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Niyaz Məmmədov çıxışında Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində gündən-günə hərbi qüdrətini artıran Silahlı Qüvvələrimizin regionun ən güclü ordusuna çevrildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Ordusunun hərbi qüdrəti ilə paralel olaraq, ordumuzun döyüş qabiliyyəti, şəxsi heyətin qələbə əzmi, peşəkarlığı da artır. Bütün bunlar xalqımızın qələbəyə inamını artırmaqla yanaşı, gənclərimizi ordu sıralarına qoşularaq Vətən borcunu şərəflə yerinə yetirməyə həvəsləndirir. Bu prosesdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mühüm rol oynayır. Bu baxımdan Dövlət Xidməti ilə Gənclər Fondu arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gənclərimizin hərbi-vətənpərvərlik ruhunun güclənməsi, gənc nəslin müddətli həqiqi hərbi xidmətə hazırlığı, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsi işinə mühüm töhfə verəcək.
Azərbaycan Respublikası Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri, general-mayor Məhəmmədhüseyn Sarıyev bildirib ki, bu gün Azərbaycan əsgəri işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir. Hər bir vətənpərvər Azərbaycan gənci bu istək və arzu ilə yaşayır. Gənclərlə keçirilən görüşlərdə, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimlərində müşahidə edilən yüksək əhval-ruhiyyə, qələbə əzmi bu gün müasir Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişdiyini və bu istiqamətdə həyata keçirilən siyasətin müsbət nəticə verdiyini göstərir.
Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova və başqaları da tədbirdə çıxış edərək ölkəmizdə gənclərimizin hərbi-vətənpərvərlik ruhunda yetişməsi istiqamətində görülən işlərdən danışıb, bu baxımdan anlaşma memorandumunun imzalanmasının əhəmiyyətini vurğulayıblar.

Sosial 2019-01-11 11:39:00