×
A
A
A
Sazlamalar

Bakı, Boston və Vaşinqton şəhərləri arasında veb-konfrans keçirilib

Vaşinqton, 10 yanvar, AZƏRTAC 

ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycan Yüksək Texnologiyalar Parkı və İsrailin ABŞ-ın Nyu-İnqlənd ərazisindəki baş konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan startapları üçün kapitallaşma və bazara giriş strategiyalarına dair "Bakı-Boston Startap veb-konfransı 1.0.” keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün əsas natiqi İsrailin Nyu-İnqlənddəki baş konsulluğunun iqtisadi məsələlər şöbəsinin direktoru Ostin Sadağatpur Azərbaycan startaplarına Boston və ümumilikdə, ABŞ biznes mühitinin xüsusiyyətlərindən danışıb. O, israillilərin Bostonda yaratdıqları bizneslərin uğurları, eləcə də İsrailin Boston şəhəri ilə yaratdığı biznes əlaqələri barədə məlumat verib.
Qeyd edək ki, Boston ABŞ-ın yüksək texnologiyalar üzrə ixtisaslaşmış əsas şəhərlərindəndir. Bu şəhər elmi araşdırmalar və inkişaf (R&D) sahəsində çalışanların sayına görə ABŞ-ın orta göstəricisindən 2 dəfə yarım yüksək nəticəyə malikdir. Boston şəhəri, eyni zamanda, dünya üzrə vençur kapitalının cəlb edilməsinə görə aparıcı sıralardadır.
Müstəqil araşdırmalara görə, israillilərin təsis etdiyi bizneslər Boston və ümumilikdə, Massaçusets ştatının sənayesində əsas aparıcılardandır. Yalnız 2015-ci ildə bu şirkətlər 9.3 milyard ABŞ dolları həcmində iqtisadiyyata birbaşa gəlir qazandırıb. Ştat iqtisadiyyatına ümumi təsirləri isə 18.1 milyard ABŞ dolları həcmində ölçülür. 2013-2015-ci illər ərzində bu şirkətlər 1.2 milyard ABŞ dolları həcmində vençur kapital cəlb etməyə nail olub.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Siyasət 2019-01-10 00:45:00