×
A
A
A
Sazlamalar

Faiq Məmmədov: Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı öz sıralarında ən fəal gəncləri toplayıb

Bakı, 5 yanvar, Həsrət Mahmudova, AZƏRTAC

Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) bu günə qədər mühüm uğurlar əldə edib, çoxsaylı layihələr reallaşdırıb. İttifaq tələbələri təhsilə və elmi-tədqiqat işlərinə həvəsləndirmək üçün elmi konfranslar, müsabiqələr, olimpiadalar, elmi-əyləncəli oyunlar, seminarlar, dəyirmi masalar, təlim kursları təşkil edib. Bu baxımdan ATGTİ tələbələrin diqqətini özünə çəkməyi bacarıb, ən fəal gəncləri öz sıralarında toplamağa nail olub.
Bunu ATGTİ-nin sədri Faiq Məmmədov AZƏRTAC-a məxsusi açıqlamasında deyib.
ATGTİ-nin əsas məqsədinin təhsil müəssisələrinin ictimai həyatında tələbə gənclərin fəallığının artırılması olduğunu vurğulayan F.Məmmədov deyib: “Buna nail olmaq üçün bir çox istiqamətdə işlər görmüşük. Yəni, tələbə gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunun aşılanması məqsədilə tədbirlər həyata keçirmişik. Buna misal olaraq, “Yaşayan tarix” layihəsini göstərmək olar. Bu layihə çərçivəsində 260-a yaxın veteranın xatirəsi üçcildlik diskdə əks olunub. Belə layihələr istedadlı, bacarıqlı və bilikli tələbələrin üzə çıxarılmasında böyük rol oynayır. Biz, həmçinin respublika daxilində və xarici ölkələrdə keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, idman yarışlarında tələbələrin iştirakını təmin edirik. Təşkilatımız, eyni zamanda, tələbələrin hüquqlarını müdafiə edir, onlara çətinliklərin həllində kömək etməyə çalışır”.
ATGTİ-nin sədri bildirib ki, İttifaq təkcə Bakıda təhsil alan tələbələri deyil, regiondakı gəncləri də nəzərə alaraq bir çox layihələr keçirib. “Səyyar kitabxana” layihəsi də bu qəbildəndir. İrimiqyaslı layihələrdən olan Azərbaycan Tələbə Kartı layihəsi isə tələbələrimizin ölkədə və xaricdə güzəşt və endirimlərdən istifadə etməsinə şərait yaradır.
“Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tələbələrin asudə vaxtının səmərəli təşkilinə nail olmaq məqsədilə qarşıdakı illərdə də mədəni-kütləvi tədbirlər keçirəcək, gənclər arasında bəşəri dəyərləri təbliğ edəcək və vətəndaş cəmiyyətinin inkişafında onların rolunu artırmağa çalışacaq”, - deyə Faiq Məmmədov bildirib.

Sosial 2019-01-05 19:51:00