×
A
A
A
Sazlamalar

Türkiyənin Fərat Universitetinin müəllimi Xocalıda qətlə yetirilən hamilə qadının heykəlini hazırlayıb

Bakı, 29 dekabr, AZƏRTAC

Türkiyənin Fərat Universitetinin müəllimi Rüçhan Keçeci Xocalı faciəsi zamanı ermənilər tərəfindən xüsusi vəhşiliklə qətlə yetirilən hamilə qadını və bətnindəki körpəsini təsvir edən metal heykəl hazırlayıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, “Körpənin səssiz fəryadı” adı verilən heykəlin ən maraqlı cəhəti onun 2500 tullantı metal hissədən hazırlanmasıdır.
R.Keçeçi Anadolu agentliyinin müxbirinə müsahibəsində bu əsərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun hərbi birləşmələri tərəfindən yerlə-yeksan olunan Xocalı şəhərində qətlə yetirilən 613 günahsız insanın xatirəsinə ithaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, əsərdə faciə günü Ermənistan ordusunun əsgərləri tərəfindən təcavüz olunduqdan sonra kürəyindən süngü ilə vurularaq öldürülən hamilə qadın təsvir edilir. O, metal heykəlin Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Qazi Universiteti ilə Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkil etdiyi “Eşidilməyən haray: Xocalı” beynəlxalq rəsm və heykəl yarışında ən yüksək mükafata layiq görüldüyünü bildirib.
Tullantı metallardan müxtəlif heykəl və s. əsərlərin hazırlanması ilə 12 ildir məşğul olduğunu deyən müəllif deyib: “Bu əsərə “Körpənin səssiz fəryadı” adını verdim. Çünki Xocalıda yaşanan soyqırımı zamanı bu fəryadı hiss etdik. Bu heykəli hazırlamaqla Xocalıda törədilən qanlı qırğını postindustrial üslubda - sənaye tullantılarını sənətə çevirməklə bir daha diqqətə çatdırmağa çalışdım”.
Əsərdə qadının kürəyindən süngü ilə vurulmasına baxmayaraq, bətnindəki körpəsini qorumağa çalışmasının təsvir olunduğunu vurğulayan R.Keçeçi deyib: “Bətnində körpəsi olan ananı kürəyindən süngü ilə vurularaq qətlə yetirilməsini əks etdirməyə çalışdım. Ananın üzərindəki paltarlar cırılıb, özü isə təcavüzə uğradıqdan sonra qətlə yetirilib. Bu heykəldə fəryadın metal hissələrinin dili ilə izah etməyə çalışdığım üçün qan ləkələrini eyni metal tonlarla verməyə çalışdım”.
O, qatılacağı bütün sərgilərdə və tədbirlərdə bu əsəri nümayiş etdirəcəyini bildirib.

Sosial 2018-12-29 17:38:00