×
A
A
A
Sazlamalar

Meksikada keçirilən tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışılıb

Vaşinqton, 28 dekabr, AZƏRTAC 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ölkəmizin Meksikadakı səfirliyində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Meksikada Azərbaycan icmasının üzvləri, ölkəmizin meksikalı dostları, həmçinin Türkiyə səfirliyinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Məmməd Talıbov azərbaycanlılar üçün əziz olan və bütün həmvətənlərimiz üçün birlik rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin sədrliyi ilə Ali Məclisin 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı qərar qəbul edilib.
Məmməd Talıbov çıxışında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin erməni lobbisinin yalanlarının ifşa edilməsində Azərbaycan diasporunun üzərinə düşən mühüm roldan bəhs edib.
Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri, Əməkdar elm xadimi, professor Natiq Atakişiyev son illər dünyada Azərbaycan diasporunun inkişaf etdiyini və daha da fəallaşdığını qeyd edib. O, bunun, ilk növbədə, Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu bildirib.
Sonda çıxış edən Türkiyə səfirliyinin müşavir-elçisi Fikrət Türkeş azərbaycanlıları bu möhtəşəm gün münasibətilə təbrik edib, iki qardaş xalqın xaricdəki diasporlarının birgə fəaliyyətinin və əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Siyasət 2018-12-28 20:52:00