×
A
A
A
Sazlamalar

FHN-in İdman-Sağlamlıq Mərkəzində ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

Bakı, 28 dekabr, AZƏRTAC 

Dekabrın 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində ilin yekunlarına həsr olunmuş görüş və yığıncaq keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş idman tədbirlərində fəal iştirak etmiş, mükafat qazanmış nazirliyin struktur qurumlarının rəhbərləri və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən Avropa, dünya çempionatlarında və turnirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak ediblər.
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadənin iştirak etdiyi tədbirdə əvvəlcə FHN-in İdman-Sağlamlıq Mərkəzinin fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Daha sonra nazir müavini Faiq Tağızadə çıxış edərək Mərkəzin işini yüksək qiymətləndirib, kollektivə uğurlar, idmançı-əməkdaşlara yeni ildə yeni idman zirvələrini fəth etməyi arzulayıb.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov İdman-Sağlamlıq Mərkəzinin kollektivini il ərzində qazandıqları nailiyyətlərə görə təbrik edərək uğurlar arzulayıblar.
Daha sonra 2018-ci ilin idman tədbirlərinin yekununa əsasən fəxri yerləri tutmuş qurumlar İdman-Sağlamlıq Mərkəzinin təsis etdiyi müvafiq dərəcəli diplom və kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin qurum rəhbərlərinə qazanılan yüksək nəticələrə və idmançılara dəstəyə görə fəxri fərmanlar təqdim edilib.

Sosial 2018-12-28 18:34:00