×
A
A
A
Sazlamalar

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti Dünya Azərbaycanlılarının Həmrəylik Günündən yazır

Rabat, 28 dekabr, AZƏRTAC

Mərakeşin geniş oxucu kütləsinə malik “Əl-İslah və ət-Tənmiyə” qəzetinin 800-cü nömrəsində “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür” sərlövhəli məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikasında və dünyada yaşayan azərbaycanlılar hər il 31 dekabrı milli bayram - Həmrəylik Günü kimi qeyd edirlər. Bu əlamətdar günün əsası hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub.
Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların biri-birilərinə yaxınlaşmaq istəkləri onlar arasında həmrəylik şüurunu yaradıb. Buna görə də Həmrəylik Günü milli birlik üçün sevgi, hörmət hisslərindən irəli gələrək müxtəlif yerlərdə yaşayan azərbaycanlıların birləşmələrinə xidmət edən, Azərbaycan xalqının hər il qeyd etdiyi ənənəvi bayramlardan birinə çevrilib.
Məqalədə 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi, 2002-ci ilin iyulunda Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, soydaşların birliyinin və həmrəyliyinin güclənməsi istiqamətində atılan digər addımlar barədə də məlumat verilir. Qeyd olunur ki, hazırda bütün azərbaycanlıların vahid amal və ideya ətrafında birləşdirilməsi, soydaşlarla əlaqələrin gücləndirilməsi dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının Birinci Qurultayında dediyi “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri hər bir azərbaycanlının qəlbində yaşayır. Vurğulanır ki, bu gün Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan özünün siyasi, iqtisadi müstəqilliyini və inkişafını qoruyub saxlamağa müvəffəq olub.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

Siyasət 2018-12-28 13:37:00