×
A
A
A
Sazlamalar

Vilnüsdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib

Vilnüs 28 dekabr, AZƏRTAC

Vilnüsdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları ilə yanaşı, bu ölkədəki azərbaycanlılar cəmiyyətinin üzvləri, Litva-Azərbaycan assosiasiyasının rəhbərliyi, Vilnüs Azərbaycanlıları Cəmiyyətinin fəalları, gənclər, tələbələrimiz, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsinin əhəmiyyətindən danışıb.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə soydaşlarımıza ünvanlandığı müraciət həmvətənlərimiz arasında paylanılıb.
Tədbir zamanı 2018-ci ildə xüsusi fəallıqlarına görə fərqlənən soydaşlarımıza müxtəlif Litva dövlət qurumları və ictimai təşkilatları tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim olunub. Onlar arasında Litva Respublikası Seyminin İnsan haqları komitəsi tərəfindən soydaşımız Zəkəriyyə Pirsaatov, Litva hökuməti yanında Milli icmalar departamenti tərəfindən rəssam-şair Adilə Əfəndi, Vilnüs Beynəlxalq Qadınlar Assosiasiyası tərəfindən Xalidə Qırxıyeva, Zaur Əliyev və başqaları təltif olunublar.
Tədbir çərçivəsində uzun illərdir Litvada yaşayan şair-rəssam Adilə Əfəndinin şerləri litvalı sənətçilər Eleonora Koriznaite, Sandra Kulieşiene, Rima Okon, Dovile Tomkute tərəfindən məharətlə səsləndirilib.
Sonra Litvanın tanınmış şair-müğənnisi Viqantas Kazlauskas müxtəlif dillərdə mahnılar ifa edib.

 

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Siyasət 2018-12-28 13:31:00