×
A
A
A
Sazlamalar

Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı prosesi 2019-cu il ərzində tam yekunlaşacaq

Bakı, 28 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı sahəsində işlər davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib və onlar birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunurlar.
Mühüm sosial əhəmiyyət kəsb edən bu Fərmanın imzalanması dövlətimizin başçısı tərəfindən şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti humanist addımdır. Bu xeyirxah addım təkcə şəhid ailələri deyil, bütün ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.
Ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə almaq hüququna malikdirlər. Hazırda digər vərəsələrdən də birdəfəlik ödənişlə təmin edilməsi üçün sənədlərin notarial qaydada qəbulu davam etdirilir.
Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı prosesinin 2019-cu il ərzində tam yekunlaşdırılması nəzərdə tutulur.

Sosial 2018-12-28 12:29:00