×
A
A
A
Sazlamalar

Dünya Azərbaycanlılarının Həmrəylik Günü İordaniyada təntənə ilə qeyd olunub

Bakı, 28 dekabr, AZƏRTAC

Dekabrın 27-də ölkəmizin İordaniyadakı səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli mərasim keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri, səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Sonra Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti iştirakçıların diqqətinə çatdırılıb.
Ölkəmizin İordaniyadakı səfiri Rasim Rzayev çıxış edərək bu bayramın ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib və əlamətdar günün dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rolunu diqqətə çatdırıb. O həmçinin qeyd edib ki, bu bayram Azərbaycan xalqının ümumdünya birlik günüdür. Həmrəylik Günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Səfir azərbaycanlıların həmrəylik ideyasının artıq təşəbbüsdən əməli işə çevrildiyini, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın yığcam yaşadıqları ölkələrdə onların təşkilatlanması, birliyinin və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırıb.
Diplomat ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarını yaşadan Prezident İlham Əliyevin milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini, xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma Azərbaycanla əlaqələrinin dərinləşməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən səmərəli təşəbbüslərə hər zaman dəstək verildiyini xüsusi vurğulayıb.
İşğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində dünya azərbaycanlılarının səylərinin birləşdirilməsinin vacibliyini bildirən diplomat, həmçinin deyib ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənə ilə qeyd edilməsi həmvətənlərimizin qəlbində azadlıq və istiqlal duyğularını, ölkəmizin zəngin tarixi ilə haqlı iftixar hissini daha da gücləndirir.
Daha sonra İordaniyada yaşayan azərbaycanlılar adından çıxış edən Zümrüd Dadaşova bu bayramın ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu məmnunluqla vurğulayıb, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışaraq, bu əlamətdar gün münasibətilə bütün dünya azərbaycanlılarına təbriklərini çatdırıb.
Tədbir Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi Ezamiyyət” filminin nümayişi ilə davam edib.
Sonda iştirakçılara ölkəmizin tarixini, mədəniyyətini və uğurlarını nümayiş etdirən əyani təbliğat materialları paylanıb, qonaqlar üçün ziyafət təşkil edilib.

Siyasət 2018-12-28 09:14:00