×
A
A
A
Sazlamalar

Əsası Ulu Öndər tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi tərəqqi yoluna çıxarıb

Bakı, 13 dekabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) A.Heydərov adına Respublika Hospitalında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
DİN Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov ulu öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən ətraflı bəhs edib, dahi şəxsiyyətin memarı olduğu müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı və sürətli inkişafından, respublikamızın bütün sahələrdə, o cümlədən milli səhiyyə sistemində qazandığı nailiyyətlərdən söhbət açıb.
M.Yusifov ümummilli lider Heydər Əliyevin hər kəsin qəlbində özünə ədədi bir abidə ucaltdığını vurğulayıb. Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi tərəqqi yoluna çıxarıb, müstəqilliyimizi möhkəmləndirib, Azərbaycanı qüdrətli dövlətə çevirib. Ümummilli lider Heydər Əliyev keçmiş ittifaq rəhbərliyində təmsil olunduğu və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqına sədaqətlə xidmət edib, ən çətin və mürəkkəb şəraitlərdə ölkəmizin müstəqilliyi naminə öz həyatını risk altına qoymaqdan belə çəkinməyib. Ulu öndər Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulub, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində mühüm addımlar atılıb.
Hospitalın rəisi, tibb xidməti polkovniki İsbi Babaxanov qeyd edib ki, ulu öndər Heydər Əliyev döyüşlərin şiddətli vaxtında cəbhədə yaralanmış əməkdaşlarla və Daxili Qoşunların hərbçiləri ilə hospitalda görüşüb, onların xarici ölkələrdə daha yaxşı müalicə alması üçün öz yardımını əsirgəməyib.
Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Nağdəli Zamanov müəllifi olduğu üçcildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabı barədə məlumat verib. O, Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında ümummilli lider Heydər Əliyevin nitq və çıxışlarının kompleks şəkildə araşdırılmasından söhbət açıb.
Hospitalın əməkdaşları da çıxış edərək dahi şəxsiyyətin xatirəsinə dərin hörmət və ehtiramlarını bildirib, Ümummilli Liderin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərini minnətdarlıq hissi ilə xatırlayıblar.

Sosial 2018-12-13 14:34:00