×
A
A
A
Sazlamalar

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

Bakı, 12 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası ikinci dəfə "Caspian European Club"un dəstəyi ilə fəaliyyət göstərən "Caspian Energy International Media Group"un hazırladığı 2018-ci il üzrə Azərbaycanın iqtisadi regionlarının investisiya reytinqində qalib gəlib.
Bu barədə AZƏRTAC-a "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyevin sözlərinə görə, reytinq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən regionların sosial siyasətinin və iqtisadi islahatlarının nəticələrini nümayiş etdirir və "Caspian Energy" jurnalının növbəti nömrəsində dərc olunacaq.
Telman Əliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elmi-mədəni, tikinti, sənaye və kənd təsərrüfatı, həmçinin turizm, nəqliyyat və kommunikasiya, infrastruktur sahələrində mühüm nailiyyətlər əldə olunub, istehsalatda artım və əhalinin rifah səviyyəsində yüksəliş qeydə alınıb. O bildirib ki, qazanılmış uğurlar sayəsində muxtar respublikanın iqtisadi potensialında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. İyunun 14-də Naxçıvan Biznes Mərkəzində keçirilmiş VI Beynəlxalq "Caspian Energy Forum Nakhchivan–2018" də iştirak edən Naxçıvan Muxtar Respublikasının rəsmiləri, Azərbaycanın aparıcı şirkətlərinin rəhbər və nümayəndələri bu proseslərin şahidləri olub.
2018-ci ilin reytinqinin əsas özəlliyi Azərbaycan iqtisadiyyatının ənənəvi enerji mənbələrindən asılılığının ciddi şəkildə azalması faktıdır. Alternativ və bərpaolunan mənbələr regionların enerji balanslarında getdikcə daha çox yer tutur. Ekoloji cəhətdən təmiz enerjinin yüksək səviyyədə istehsalı sayəsində Naxçıvan yenidən "Caspian Energy"nin ümumi reytinqində ilk yeri tutub və ardıcıl ikinci dəfə şəksiz qalib seçilib.
Bu il reytinqdə Azərbaycanın 11 iqtisadi regionu (Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Dağlıq-Şirvan, Naxçıvan Muxtar Respublikası iqtisadi rayonu) qiymətləndirilib. Regionlar 18 parametr üzrə altı (sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifah və kənd təsərrüfatı) qrupa bölünüb.
Telman Əliyev xatırladıb ki, regionlar arasında 2016-cı ildə ən yüksək balı Gəncə-Qazax iqtisadi rayonu, 2017-ci ildə isə Naxçıvan Muxtar Respublikası toplayıb.
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy International Media Group"un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

Biznes 2018-12-12 14:20:00