×
A
A
A
Sazlamalar

Azərbaycanın özü qədər əbədi LİDER

Naxçıvan, 12 dekabr, AZƏRTAC

Müasir Azərbaycan tarixinin əsas inkişaf və yüksəliş mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi tariximizə qızıl hərflərlə yazılıb.

Azərbaycan Onun həyatının mənası idi

Ulu öndərimiz Heydər Əliyevin həyatının mənası Azərbaycan idi, ölkəmizin inkişafı və tərəqqisi idi. Ümummilli Liderimizin respublikamıza rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsasları və müstəqillik konsepsiyası hazırlanıb. Ölkəmizin tarixinə Qurucu və Xilaskar RƏHBƏR kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərib. Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü işlərdə həmişə xalqa arxalandığını vurğulayaraq deyib: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Xalqımızın böyük oğlu Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıdan, onu sevərək hifz edən, milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirən qüdrətli bir şəxsiyyətdir. Taleyin hökmü ilə iki dəfə bu missiyanı üzərinə götürən Ümummilli Liderimiz hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb, ölkəmizi böyük bəlalardan qurtarıb.

Dahi şəxsiyyət özündən sonra gələcək nəsillər üçün çox zəngin irs qoyub

Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq, həmrəylik və milli dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Milli özünüdərkin yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz görkəmli dövlət xadimi Heydər Əliyevə məxsusdur. Onun Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olub. Müasir, müstəqil Azərbaycan dövləti də məhz Ulu Öndərimizin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulub. Görkəmli dövlət xadimi ilk dəfə respublikaya rəhbər seçiləndən sonra müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının, sənayenin, elmin, mədəniyyətin, incəsənətin inkişafı istiqamətində qətiyyətli addımlar atılıb, ölkəmiz sürətlə inkişaf edərək Sovet İttifaqında ən qabaqcıl yerlərə çıxıb.
Ulu Öndərimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır... SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.

O, sovet dövründə milli dəyərlərin, milli şüurun bərpası, milli kadrların hazırlanması istiqamətində misilsiz işlər görüb

Reallıq budur ki, sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, akademik nəşrlərin hazırlanması, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması çox böyük cəsarət, qətiyyət tələb edirdi. Bütün bunlar xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətlərindəndir. 1969-1982-ci illərdə dahi şəxsiyyətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri də elmin və təhsilin inkişafı idi. Kənd yerlərində məktəblərin sayının sürətlə artırılması gənc nəslin maarifləndirilməsində, hərtərəfli biliyə yiyələnməsi istiqamətində böyük əhəmiyyət kəsb edirdi. Həmin dövrdə Azərbaycanın şəhər və kəndlərində 700-ə qədər məktəb binası istifadəyə verilib, ali məktəblərin sayı 12-dən 17-yə, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılıb. Azərbaycanda hərbi məktəb yaradılıb, milli hərbi kadrların yetişdirilməsinə başlanılıb. Məhz ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində azərbaycanlı gənclər təhsillərini davam etdirmək üçün keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilib. Həmin gənclər təhsillərini başa vurduqdan sonra yenidən respublikaya dönərək müxtəlif sahələrdə öz fəaliyyətlərini davam etdiriblər. Bu da sərt sovet rejimində milli kadrların yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyırdı.
Ulu öndərimiz Heydər Əliyevin həmin dövrdə Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqət çəkən ölkə Prezidenti İlham Əliyev deyib: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.

Ulu Öndərimiz həmişə xalqa arxa, dayaq olub

1982-ci ildə Ümummilli Liderimizin SSRİ-də rəhbər vəzifəyə irəli çəkilməsindən sonra Azərbaycanın hərtərəfli inkişafı ilə yanaşı, xalqımızın dünya arenasında tanıdılması və təbliği istiqamətində görülən işlərin miqyası daha da genişləndirilib. 1982-1987-ci illərdə Heydər Əliyev şəxsiyyətinə görə keçmiş Sovetlər Birliyində Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Azərbaycanın inkişafını dayandırmaq, parçalamaq üçün yeganə bir yol vardı – ölkəni Heydər Əliyev inkişaf xəttindən uzaqlaşdırmaq. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, Ümummilli Liderimiz rəhbər vəzifədən istefa verdi. Bununla da Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Ölkəmizin suverenliyinə edilən qəsd tarixi torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələndi, Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Lakin yenə də Ulu Öndər xalqının səsinə səs verdi, siyasi təqiblərə baxmayaraq, Azərbaycan uğrunda mübarizəyə qayıtdı, 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə o zamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını ittiham etdi, xalqımızın başına gətirilən müsibəti bütün dünyaya çatdırdı.

Ümummilli Liderimizin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında tarixi qərarlar qəbul edilib

Ölkəmizin ağır, çətin dövründə, 1990-cı il iyul ayının 20-də Moskvadan Bakıya qayıdan Ulu Öndərimiz iki gün sonra, iyulun 22-də doğma Naxçıvana gəlib və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik edib. 1990-1993-cü illərdə, ölkəmizin ağır dövründə Naxçıvan Muxtar Respublikasında Ümummilli Liderimizin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilib, muxtar respublikanın erməni təcavüzündən xilas olunması, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görülüb. Üçrəngli bayrağımızın ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də görkəmli dövlət xadiminin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, aqrar islahatların aparılması, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan ilk addımlar idi.
1990-1993-cü illərdə dahi şəxsiyyət çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaradıb, muxtar respublikada milli dövlətçiliyin qurulması istiqamətində nəhəng işlər görülüb. Dünya azərbaycanlılarının həmrəyliyinin əsasının, blokada şəraitində yaşayan Naxçıvanın gələcək inkişafını təmin edəcək işlərin bünövrəsinin qoyulması dahi rəhbərin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olub. Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan quruculuq xəttinə, inkişafın, tərəqqinin Heydər Əliyev yoluna qayıdıb. Ümummilli Liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin bariz təzahürü kimi tarixin yaddaşına həkk olunub.

Dahi şəxsiyyət Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas edib

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvan inkişaf edir, cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Belə bir şəraitdə – 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyuldu və 15 İyun müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə yenidən ölkəmizə hakimiyyətə qayıdışı barədə deyib: “Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürüb, eyni zamanda, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkib. Onun dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olub. Dahi şəxsiyyət o zaman qarşıya qoyduğu vəzifələri belə bəyan edib: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olub.
Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirib.
Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan İlham Əliyevə əmanət edib. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanır. Ötən hər gün Azərbaycanı daha böyük tərəqqiyə qovuşdurur.

Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası muxtar respublikada da uğurla icra olunur

Ulu Öndərimizin müəyyənləşdirdiyi sosial-iqtisadi strategiya, quruculuq xətti bu gün ölkəmizin ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da layiqincə davam etdirilir. Bu səbəbdəndir ki, qədim diyarımız on illərə bərabər inkişaf yolu keçərək müasirliyə qovuşub. Həyatın bütün sahələrində böyük uğurlar qazanılıb. Bu uğurların təməlində Heydər Əliyev yoluna böyük inam, Heydər Əliyev ideyalarına sədaqət dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən Ümummilli Liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”

AZƏRTAC-ın Naxçıvan bürosu

Regionlar 2018-12-12 12:01:00