×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafında misilsiz xidmətləri var

Bakı, 11 dekabr, AZƏRTAC 

Dekabrın 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin anım tədbiri keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı eksponatlarla tanış olublar.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbirdə çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıblar. Çıxışlarda adını tarixə əbədi həkk etmiş nadir şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılıb.
Dahi öndərin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğunu vurğulayan natiqlər böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətlərini minnətdarlıq hissi ilə xatırlayıblar. Çıxışlarda Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə yerinə yetirildiyi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilən sənədli film nümayiş olunub.

Sosial 2018-12-11 19:36:00