×
A
A
A
Sazlamalar

Bu il Almaniya yəhudilərinin 41 faizi antisemitizm halları ilə üzləşib

Berlin, 11 dekabr, AZƏRTAC

Başqa ölkələrə “dərs keçməyi” xoşlayan Almaniya özü tolerantlıqdan, digər dinlərin və mədəniyyətlərin nümayəndələrinin təhlükəsizliyini təmin etməkdən hələ çox uzaqdır.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının əsas insan haqları agentliyi bununla əlaqədar Almaniyada rəy sorğusu keçirib. Sorğuda iştirak etmiş yəhudilərin 87 faizi bildirib ki, internetdə antisemitizm çox ciddi problemdir. 2012-ci ildən bəri belə hallar xeyli artıb. O vaxt aparılmış sorğuda iştirak edənlərin 64 faizi belə hesab edirdi.
Respondentlərin 41 faizi bildirib ki, onların antisemitizm hallarının qurbanı olublar. Halbuki, Avropa İttifaqına daxil olan 12 ölkə üzrə orta göstərici xeyli aşağı – 28 faizdir. Həmin ölkələrdə rəyi soruşulanların 63 faizi əmindir ki, son 5 ildə Avropa İttifaqında yəhudilərə və iudaizm məzhəbinin tərəfdarlarına qarşı dözülməzlik xeyli güclənib. Respondentlərin 45 faizi antisemitizmi çox böyük problem adlandırıblar, rəyi soruşulanların 40 faizi isə iudaizm məzhəbinə mənsub olduqlarına görə yaxın aylarda antisemitizm hücumlarının qurbanı olacaqlarından ehtiyat edirlər.
Avropa İttifaqının ədliyyə, istehlakçı hüquqları və gender bərabərliyi məsələləri üzrə komissarı Vera Yourova sorğu nəticələrini təqdim edərək vurğulayıb ki, “yəhudi icması Avropada – istər sinaqoqa gedərkən, istərsə də internetdə özünü öz evindəki kimi və təhlükəsiz şəraitdə hiss etməlidir”.
Görünür, Almaniya Azərbaycanı tənqid etməyi çox xoşlasa da, bəzi məsələləri bizdən öyrənməlidir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2018-12-11 11:37:00