Bu ilin Nobel sülh mükafatı sahibinə təqdim olunub
Stokholm, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Norveçin və İsveçin paytaxtlarında Nobel mükafatı laureatlarının təltifolunma mərasimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, həmişə olduğu kimi, Stokholm və Oslo şəhərlərində təşkil edilən mərasimlər 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anın günündə keçirilib. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.
Oslo Şəhər Ratuşasında, “cinsi zorakılığın döyüş silahı kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə”, insan haqları üzrə fəallar Denis Mukveqeyə və Nadiya Murada 2018-ci il üzrə Nobel sülh mükafatının təqdim olunması ilə bağlı təntənəli mərasim keçirilib. Norveçin Kralı V Haraldın iştirakı ilə keçirilən tədbirdə Kral ailəsi, ölkənin Baş naziri, hökumətin və Ali Məhkəmənin üzvləri də iştirak ediblər.
Tədbirdə çıxış edən Norveçin Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen builki laureatlardan söz açaraq deyib ki, ədalət üçün mübarizə onları birləşdirir. Öz növbəsində mükafatın laureatı Nadiya Murad deyib: "Ümid edirəm ki, bu gün yeni bir dövrün başlanğıcı olacaq, sülhün prioritet kimi qəbul olunduğu bütün yerlərdə qadınları, uşaqları və azlıqları, xüsusilə də cinsi zorakılıq qurbanlarını qorumaq üçün yeni bir yol xəritəsi müəyyən etməyə başlanılacaq”.
Qeyd edək ki, 2018-ci ildə ümumilikdə 12 nəfər Nobel mükafatı laureatı olub.
Üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və məbləği 9 milyon İsveç kronu (təqribən 1,06 milyon dollar) təşkil edən pul mükafatı Kral ХVI Karl Qustav tərəfindən laureatlara təqdim olunub.
Ədəbiyyat üzrə Nobel mükafatının 2019-cu ildə veriləcəyi bildirilir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır