×
A
A
A
Sazlamalar

Fransa Prezidenti həmkarlar ittifaqları və partiyaların nümayəndələri ilə görüşüb

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronun həmkarlar ittifaqları və partiyaların nümayəndələri ilə görüşü olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, görüşə ümumilikdə 30-40 nümayəndə qatılıb. Danışıqlarda, həmçinin Nazirlər Kabinetinin nümayəndələri, o cümlədən Baş nazir Eduar Filipp, daxili işlər naziri Kristof Kastaner, ekoloji keçid naziri Fransua de Rüji, iqtisadiyyat və maliyyə naziri Brüno Le Mer də iştirak ediblər.
İclasın yekunlarına dair prezident xalqa müraciət etməlidir. Prezidentin bəyanatı yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə 23:00) planlaşdırılır. Fransanın əmək naziri Müriel Penikonun sözlərinə görə, Makron “sarı jiletlər” hərəkatının etiraz aksiyaları ilə bağlı yaranmış vəziyyətin nizamlanması üçün “konkret və təcili tədbirləri” təqdim etmək niyyətindədir.
Xatırladaq ki, noyabrın 17-dən başlayaraq Fransanın müxtəlif şəhərlərində keçirilən nümayişlərdə 1 milyona yaxın insan iştirak edib. Yüzlərlə insan yaralanıb, dörd nəfər həlak olub. Prezident Emmanuel Makron əvvəlcə güzəştə getmək istəməyib, lakin dekabrın 4-də hökumət yanacağın qiymətinin artırılmasına 6 aylıq moratorium qoyub.

 

Dünya 2018-12-10 16:24:00