×
A
A
A
Sazlamalar

Özbəkistanın “Dari-Darmon” əsas apteklər şəbəkəsini bundan sonra amerikalılar idarə edəcək

Daşkənd, 10 dekabr, AZƏRTAC

Özbəkistanın “Dari-Darmon” əsas apteklər şəbəkəsini bundan sonra amerikalılar idarə edəcək.
AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının “United Investment Healthcare Group LLC” şirkəti ilə Özbəkistanın Dövlət Aktivlərinin İdarə Edilməsi Mərkəzi arasında bağlanan müqaviləyə əsasən, amerikalılar bu sahədə müasir menecment sistemi, informasiya texnologiyaları tətbiq etməyi və mütəxəssislər yetişdirməyi boyunlarına götürüblər.
Müqavilə beş il müddətinə bağlanıb və amerikalılar şirkətin öhdəsinə düşən biznes planı yerinə yetirsə, müqavilənin müddəti daha 5 il də uzadılacaq.
Bu addımı atmaqla özbək tərəfi şəbəkənin səmərəliliyini artırmaq, müasir idarəetmə metodlarının işə düşəcəyinə ümid bəsləyir.
“Dari-Darmon” şirkətinin Özbəkistanda 2200 sosial apteki var. Bu şirkət dövlət tibb müəssisələri üçün narkotik vasitələr və psixotrop dərmanlar gətirən yeganə apteklər şəbəkəsidir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2018-12-10 08:46:00