×
A
A
A
Sazlamalar

Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarına start verilib

Sumqayıt, 13 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Noyabrın 13-də Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində UNICEF-in Azərbaycan nümayəndəliyinin və “Azercell Telecom” MMC-nin dəstəyi ilə IV Uşaq Paralimpiya İdman Oyunlarına start verilib.
Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov AZƏRTAC-a bildirib ki, oyunların ilk günündə paralimpiyaçılar idmanın 7 növü üzrə mübarizə aparıblar. Gənc paralimpiyaçılar pauerliftinq, boccia, cüdo, üzgüçülük, qol-bol, taekvondo, stolüstü tennis üzrə seçmə yarışlarda iştirak ediblər.
Kamal Məmmədov oyunlara qonşu Gürcüstandan 9 idmançının da qatıldığını vurğulayıb. Qeyd edib ki, əlil arabasında idman rəqsinin ifaçıları yarışa sabah qatılacaqlar.
IV Uşaq Paralimpiya İdman Oyunlarında 140 idmançı qalib adı uğrunda mübarizə aparır.
Noyabrın 14-də oyunların rəsmi açılışı olacaq və günün ikinci yarısında qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.

Regionlar 2018-11-13 18:56:00