×
A
A
A
Sazlamalar

ACEAN ölkələrinin liderləri regional təhlükəsizlik və azad ticarət zonasının yaradılmasını müzakirə edəcəklər

Tokio, 13 noyabr, AZƏRTAC 

Cənub Çin dənizində təhlükəsizlik, terrorizmə qarşı mübarizə, kibertəhlükəsizliyin təmin olunması, həmçinin dünyanın ən böyük azad ticarət zonasının yaradılması məsələləri noyabrın 13-də Sinqapurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ACEAN) 33-cü sammitində və eyni zamanda, ACEAN liderlərinin və dialoq üzrə tərəfdaşların yüksək səviyyəli görüşlərində diqqət mərkəzində olacaq.
AZƏRTAC xəbər verir ki, əsas tədbir ACEAN-nın cari ildəki fəaliyyətinə yekun vuran Şərqi Asiya Sammiti (ŞAS) olacaq, təşkilata sədrlik növbəti dövlətə təhvil veriləcək. 2019-cu ildə bu vəzifəni Tailand həyata keçirəcək.
Xatırladaq ki, ŞAS 2005-ci ildə Asiya-Sakit okean regionu dövlətləri liderlərinin strateji dialoqu üçün platforma kimi yaradılıb və burada təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişaf məsələləri müzakirə edilir. ACEAN-a Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin daxildir. Avstraliya, Hindistan, Rusiya, Çin, Yeni Zelandiya, Koreya Respublikası, ABŞ və Yaponiya təşkilatda dialoq tərəfdaşı statusuna malikdirlər.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-11-13 15:02:00