×
A
A
A
Sazlamalar

Qara Dəniz Regionunda Kiçik və Orta Sahibkarlığın İnkişafına həsr edilmiş beynəlxalq biznes forum keçirilib

Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Bakıda Qara Dəniz Regionunda Kiçik və Orta Sahibkarlığın İnkişafına həsr edilmiş beynəlxalq biznes forum keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü iqtisadi-siyasət nəticəsində ölkəmizin son illərdə sürətli inkişafa nail olduğunu deyib.
Bildirib ki, Azərbaycanda iqtisadiyyatın və xüsusilə sahibkarlığın inkişafının təmin edilməsində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi mühüm amillərdən biridir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. "Hazırda ölkəmiz Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi nəhəng enerji və infrastruktur layihələrini həyata keçirir. Hesab edirəm ki, Qara dəniz ölkələri bu dəmir yolu xəttindən səmərəli istifadə edərək ticarət dövriyyələrini artıra bilməklə yanaşı, mədəni və sosial əlaqələrin genişləndirilməsinə nail olacaq", - deyə M.Musayev qeyd edib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov diqqətə çatdırıb ki, ölkədə aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkədə yaradılacaq kiçik və orta biznes evləri barədə danışıb.
O.Məmmədov bildirib ki, agentlik tərəfindən kiçik və orta biznes evlərinin yaradılması ilə bağlı işlər aparılmaqdadır. Bu evlərdə bir məkan prinsipi əsasında dövlət təşkilatlarının G2B xidmətləri və B2B xidmətləri operativ şəkildə təmin ediləcək, sahibkarlar bu evlərdə çoxsaylı dəstək tədbirləri ilə əhatə olunacaqlar. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB evi” portalının yaradılması ilə bağlı işlərə də başlanılıb. Bu “Sahibkar evləri” ölkəmizin yeni innovativ brendi kimi təqdim ediləcək.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral, “Vakıf Bank”ın idarə heyətinin sədri Mehmet Özcan Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyiblər. Bu qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Anlaşma Memorandumuna əsasən, KOBİA və ASK dövlət orqanları ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, bu istiqamətdə birgə proqramların təşkili, gənclər arasında sahibkarlıq ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin reallaşdırılması, kiçik və orta biznes subyektlərinin maarifləndirilməsi, müxtəlif biznes sahələrində sahibkarların potensial inkişaf meyllərinin araşdırılması, sahibkarların inkişafı üçün araşdırma, statistika və təhlillərin aparılması kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.
Eyni zamanda, ASK ilə Rumıniya Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumu imzalanıb.
Sonra biznes forum öz işini panel iclaslarda davam etdirib.
Panel iclaslarda “Kiçik və Orta Sahibkarlığın İnkişafı naminə Qara Dəniz Ölkələrinin Əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, regional dəyər zəncirinin yaradılması”, “Regional enerji layihələrinin QDİƏT-in üzv ölkələrində qeyri-neft sektorunun inkişafındakı rolu” mövzusunda müzakirələr aparılıb.

Biznes 2018-11-02 12:50:00