×
A
A
A
Sazlamalar

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının yaradılmasına başlayıb

Bakı, 26 oktyabr, AZƏRTAC 

Regionlarda fəaliyyət göstərən istehsalçıların iqtisadi müdafiəsini təmin etmək üçün “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC paytaxtda kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının yaradılmasına başlayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, ilk belə yarmarka oktyabrın 27-də saat 10.00-da Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində (Hüseyn Cavid prospekti ilə kəsişmə, “Space” telekanalının yanı, 225 nömrəli məktəbin qarşısı) fəaliyyətə başlayacaq.
Hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək yarmarkada kiçik və orta fermerlərdən tədarük olunan 122 adda, 40 tondan artıq ekoloji təmiz məhsul satışa çıxarılacaq. Qiymətlər isə bazarlardakından 20 faiz ucuz olacaq.
Səhmdar Cəmiyyətin məqsədi mövsümdə bol məhsul istehsal etmiş fermerlərə kömək etmək, məhsullarının realizə olunmasına yardım göstərməkdir.
Qeyd olunub ki, 2018-ci ilin 9 ayının yekunlarına əsasən, Səhmdar Cəmiyyət yerli fermerlərdən ümumi miqdarı 53 min ton, dəyəri 106 milyon manat olan kənd təsərrüfatı məhsulları tədarük edib. Tədarük olunmuş məhsulların 81 milyon manatlıq hissəsi dövlət satınalan təşkilatlarının (uşaq bağçaları, xəstəxanalar, penitensiar sistem, hərbi hissələr və s.) tələbatına yönəldilib, 25 milyon manatlıq məhsul isə xarici ölkələrə ixrac olunub.
Səhmdar Cəmiyyət ölkə üzrə tədarük-təchizat prosesini fasiləsiz olaraq davam etdirir.

 

Biznes 2018-10-26 13:31:00