×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda “Haqqım var ki, öyünüm Azərbaycan deyəndə” mövzusunda tədbir keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, rayon gənclər və idman idarəsinin təşəbbüsü ilə “Haqqım var ki, öyünüm Azərbaycan deyəndə” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ötən 27 il ərzində Azərbaycanın qazandığı nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirib. Diqqətə çatdırıb ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir azərbaycanlı üçün əsl qürur mənbəyinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, professor, tarix elmləri doktoru Musa Quluzadə xalqımızın kəşməkəşli müstəqillik mübarizəsindən danışıb. Bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edildi. İctimai-siyasi sabitlik bərqərar oldu və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradıldı. Dövlət müstəqilliyinin ilk illərində “Müstəqilliyimiz dönməzdir, əbədidir” deyən Ümummilli Liderin Azərbaycanın qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Binəqədi rayon gənclər və idman idarəsinin rəisi Elvin Aslanov çıxışında qeyd edib ki, müstəqilliyimizin bərpasından ötən 27 il ərzində ayrı-ayrı sahələrdə, o cümlədən gənclər və idman sahəsində böyük uğurlar qazanılıb. O, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Bakıda və bölgələrdə Gənclər evlərinin və mərkəzlərinin tikildiyini, gənclərin inkişafı üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.
Çıxışlardan sonra Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən “Xəmsə” milli intellektual bilik yarışının qalibləri mükafatlandırılıb.

Sosial 2018-10-18 22:24:00