×
A
A
A
Sazlamalar

Gəncə-Bakı avtomagistralının ətrafında iməcilik və ağacəkmə aksiyası keçirilib

Gəncə, 18 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan Sənaye Korporasiyası ASC-nin və “Azəralüminium” MMC-nin birgə təşkilatçılığı ilə Gəncə-Bakı avtomagistralının sol hissəsində iməcilik və ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd Gəncə şəhərinin şərq qapısı hesab olunan və daha çox sənaye müəssisələrinin yerləşdiyi bu ərazinin ekoloji vəziyyətini yaxşılaşdırmaqdır.
Ağacəkmə aksiyasında Azərbaycan Sənaye Korporasiyası ASC-nin baş direktoru Kamran Nəbizadə, “Azəralüminium” MMC-nin direktoru Maksim Cəfərov, həmçinin hər iki cəmiyyətin 200-ə yaxın əməkdaşı iştirak edib.
Əvvəlcə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə kollektivi təbrik edən Azərbaycan Sənaye Korporasiyası ASC-nin baş direktoru Kamran Nəbizadə aksiyanın keçirilməsini respublikamız üçün əlamətdar bir günə təsadüf etdiyini deyib.
Son illər Azərbaycanda rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın qurulması, eləcə də ölkə iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusən sənayenin müxtəlif sahələrinin inkişafı məqsədilə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini xatırladan Kamran Nəbizadə bildirib ki, sənayeçilərin əsas məqsədi bu sahəni, onun istehsal və ixrac imkanlarını genişləndirmək, ölkəyə valyuta axınını təmin etmək və belə bir istehsal müəssisələrinin ətrafında səliqə-sahman, yaşıllıq zonaları yaratmaqla ekoloji mühitə töhfə verməkdir.
Sonra aksiya fəalları tərəfindən abadlıq işləri aparılıb, ərazi alaq otlarından və daşlardan təmizlənib. Ağac əkiləcək çalalara münbit torpaq daşınıb. Aksiya iştirakçıları tərəfindən Gəncənin iqliminə uyğun 300 ədəd Eldar şamı yolboyu terraslara əkilib. Yeni əkilən ağaclar suvarılıb və fidanlara aqrotexniki qulluq göstərilib.

Regionlar 2018-10-18 18:04:00