×
A
A
A
Sazlamalar

Yaponiya hərbi-dəniz qüvvələrinin gəmisi regionda patrul çəkmək üçün Sinqapur limanına gəlib

Tokio, 18 oktyabr, AZƏRTAC 

Oktyabrın 18-də Yaponiya hərbi-dəniz qüvvələrinin helikopter daşıyan “Kaqa” gəmisi Cənub Çin dənizində uzunmüddətli patrul çəkmək üçün Sinqapurun hərbi limanına gəlib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, səfərin məqsədi rayonda hərbi mövqelərini gücləndirən Çinə qarşı saxlayıcı tədbirlərin görülməsidir. Bundan əlavə, Cənub Çin dənizində hazırda patrul xidmətini həyata keçirən sualtı qayıqlar da həmin funksiyanı yerinə yetirirlər.
“Kaqa” gəmisinin komandiri, kontr-admiral Tatsuya Fukuda göyərtədə keçirilən mətbuat konfransında bildirib ki, yapon hərbi-dəniz qüvvələrinin regionda iştirakı Şərqi Asiyanı Yaxın Şərq və Avropa ilə birləşdirən dünyanın ən gərgin nəqliyyat dəhlizlərindən birində təhlükəsizliyin təmin olunmasıdır. “Biz Sakit və Hind okeanları regionunda azad və sabit dənizçiliyi təmin edirik”, - deyə kontr-admiral vurğulayıb.
“Kaqa” gəmisi cari ilin avqustundan Cənub Çin dənizi rayonundadır, Hindistan və Filippin hərbi-dəniz qüvvələri ilə birlikdə keçirilən təlimlərdə iştirak edib. Uzunluğu 248 metr, su tutumu 19,5 ton olan “Kaqa” gəmisi 14 ağır helikopteri və ya konvertoplanı daşımağa qadirdir. O, həmçinin qısa uçuş məsafəsinə və ya üfüqi uçuş qabiliyyətinə malik təyyarələri də qəbul edə bilər.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-10-18 14:28:00