×
A
A
A
Sazlamalar

Astanada dünya və ənənəvi dini liderlərin VI qurultayı başa çatıb

Astana, 11 oktyabr, AZƏRTAC

Astanada “Dini liderlər təhlükəsiz dünya uğrunda” mövzusunda keçirilən dünya və ənənəvi dini liderlərin VI qurultayı başa çatıb.
AZƏRTAC xəbər verir ki, qurultay çərçivəsində keçirilən plenar iclaslarda “Manifest” Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası”, “Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar”, “Din və qloballaşma: çağırışlar və cavablar”, “Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması” mövzularında müzakirələr aparılıb.
Dini liderlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli siyasi, ictimai xadimlərin, elm adamlarının iştirak etdikləri qurultayda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB Müsəlmanları Məşvərət Şurasının sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Əvvəlcə müxtəlif dinlərin nümayəndələri Astanada “Sülh divarı” yanında birgə dua ediblər.
İclaslarda, həmçinin geosiyasətdə dini amil, din və siyasət: qarşılıqlı və davamlı əməkdaşlıq, dəyişən geosiyasətdə müasir dini liderlərin rolu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qurultayda Dini Liderlərin Konfessiyalar və Sivilizasiyalar Dialoquna dair Nazarbayev Mərkəzinin yaradılması qərara alınıb. Mərkəzin yaradılmasında məqsəd dini liderlərin əməkdaşlığını daha da fəallaşdırmaqdır.
Sonda dünya və ənənəvi dini liderlərin VI qurultayının qətnaməsi qəbul edilib.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Din 2018-10-11 19:50:00