×
A
A
A
Sazlamalar

Astarada dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir

Bakı, 28 sentyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə dini icma sədrləri, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Astara rayonu İslam dininin hər iki məzhəbinin sülh, həmrəylik və vəhdət şəklində yaşadığı unikal bölgələrdən biridir.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında, eləcə də, dini radikalizm və ekstremizmin törətdiyi fəsadlar haqqında məlumat verib. O vurğulayıb ki, Ümummilli Lider tərəfindən qoyulan dövlətin din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə tolerant və multikultural mühit formalaşıb və bu, bütün dünyada müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Sədrin birinci müavini dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verildiyini vurğulayıb. S.Salahlı onu da qeyd edib ki, respublikamızda qəbul olunan qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, eyni zamanda, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
S.Salahlı dini radikalizmə qarşı mübarizənin metodları haqqında danışıb. O, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub. Müasir dövrdə dünyanın dini ekstremizm və terrordan ciddi əziyyət çəkdiyini, terror hadisələri səbəbindən dünyanın əksər bölgələrində ictimai-siyasi sabitliyin pozulduğunu vurğulayıb. Bütün bunlara baxmayaraq, Azərbaycanda müxtəlif xalqlar, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma və həmrəyliyin hökm sürdüyünü qeyd edib.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Din 2018-09-28 12:04:00