×
A
A
A
Sazlamalar

Mingəçevirdə Azərbaycanın dövlət-din modelinə dair regional konfrans işini davam etdirib

Bakı, 26 sentyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans sentyabrın 26-da işini panel formatında davam etdirib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konfransda DQİDK sədrinin müavini Gündüz İsmayılov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavini İlham İsmayılov, Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov, orta məktəb direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov bölgədəki dini durum haqqında məlumat verib. O, mövzunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, dini maarifləndirmə sahəsinə böyük diqqət ayrılmalı, gənclərin dini radikal qrupların təsiri altına düşməsinin qarşısını almaq üçün din onlara düzgün şəkildə çatdırılmalıdır.
DQİDK sədrinin müavini Gündüz İsmayılov çıxışında dövlət-din münasibətləri və dini radikalizmə qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, dinə hüquq, vicdan azadlığı, milli-mənəvi dəyər prizması ilə yanaşı, həm də dövlətin və cəmiyyətin dini-ideoloji, ictimai təhlükəsizliyi baxımından yanaşmaq lazımdır. Sədr müavini vurğulayıb ki, cəmiyyətin dini-ideoloji təhlükəsizliyinin pozulması milli və ictimai təhlükəsizliyə təhdiddir. Buna görə də dini kimliyin milli kimliyə qarşı qoyulmasına, dindarlar arasında dünyəviliyin və ənənəvi İslamın zəiflədilməsi cəhdlərinə və xurafatın güclənməsinə qarşı mübarizə aparmaq zəruridir. G.İsmayılov dini radikalizm və ekstremizmlə mübarizədə görülən işlərdən də bəhs edib. O, bu istiqamətdə əsas vasitənin maarifləndirici və inzibati metod olduğunu bildirib.
Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov dini radikalizm və onun əsas təbliğat metodları haqqında danışıb. Radikal dini qrupların xüsusilə gəncləri təsir altına salmaq üçün müxtəlif metodlardan istifadə etdiklərini deyən S.Məmmədov bu qrupların insanların müxtəlif mənbələrdən dini bilgilər almasını məhdudlaşdırmağa çalışdıqlarını vurğulayıb. Qeyd edib ki, radikal dini qrupların təsirinə düşməmək üçün dini biliklərlə yanaşı, dünyəvi elmlərin də mənimsənilməsi vacibdir. Bu işdə şagirdlərlə mütəmadi təmasda olan pedaqoqların üzərinə mühüm vəzifələr düşür.
Konfransın sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Din 2018-09-26 18:35:00