×
A
A
A
Sazlamalar

Siyəzənin Tuğay kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib

Siyəzən, 25 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Sentyabrın 25-də Siyəzən rayonunun Tuğay kəndində 80 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi orta məktəbin yeni binasında 7 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub. Tikintisinə 2017-ci ilin fevral ayında başlanılan birmərtəbəli tədris ocağının ümumi sahəsi 300 kvadratmetrdir.
Tuğay kəndində məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyev müəllim və şagirdləri, valideynləri yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Məktəbin direktoru Solmaz İlyasova çıxışında Tuğay kəndində yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Tədbirdə məktəblilər Vətənə, müəllimə həsr olunmuş şeirlər söyləyiblər.
Açılış mərasimindən sonra şagirdlər məktəb zənginin sədaları altında yeni sinif otaqlarına daxil olublar.

Regionlar 2018-09-25 13:52:00