×
A
A
A
Sazlamalar

Donald Tramp: ABŞ və KXDR arasında ikinci sammit çox tezliklə baş tuta bilər

Bakı, 24 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla ikinci görüşünün “çox yaxın zamanlarda” baş tuta biləcəyini deyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ lideri dövlət katibi Maykl Pompeonun bu görüşün detalları üzərində işlədiyini bildirib. Donald Tramp, həmçinin qeyd edib ki, son zamanlar KXDR-lə münasibətlər xeyli yaxşılaşıb. “Bu, başqa dünya idi. Bu, təhlükəli zaman idi. Bir ildən sonra bu, tamamilə başqa zaman olub”, - France-Presse agentliyi ABŞ Prezidentinin bu sözlərini sitat gətirib.
Xatırladaq ki, iyunun 12-də Sinqapurda ABŞ və KXDR arasında tarixdə ilk yüksək səviyyəli görüş keçirilib. Donald Tramp və Kim Çen In görüşün nəticəsinə əsasən, birgə bəyannamə qəbul ediblər. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu elan edib, Vaşinqton isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti verməyi öhdəsinə götürüb.

Dünya 2018-09-24 19:27:00