×
A
A
A
Sazlamalar

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəmlik ayı ilə bağlı fətva verib VİDEO

Bakı, 4 sentyabr, AZƏRTAC 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası sentyabrın 4-də Məhərrəmlik ayı ilə bağlı fətva verib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə əvvəlcə “Qurani-Kərim”dən ayələr səsləndirilib.
Tədbirdə çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Lakin təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda, insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin nəsillərin yaddaşında əbədi yaşaması, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də dindarlar üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı, Peyğəmbər nəvəsinin iman, mənəviyyatın saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə fədakarlıq və dəyanət örnəyi olmalıdır.
Ölkəmizdəki dövlət din-münasibətlərindən danışan QMİ sədri deyib ki, Azərbaycan bütün din nümayəndələrinin rahat və təhlükəsiz yaşadığı bir məkandır və bu model dünya ölkələri üçün örnəkdir. Azərbaycanda sağlam düşüncəli insanların çox olduğu üçün ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmaq mümkün deyil. Dünyada İslam dininə xələl gətirmək istəyən qüvvələr var. Azərbaycan hər zaman bununla mübarizə aparıb və İslam həmrəyliyinə böyük töhfə verib. Təəssüf ki, bəzi qüvvələr Azərbaycanın daxili işlərinə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik salmaq istəyirlər. Ancaq bu məkrli planlar heç vaxt baş tutmayıb və baş tutmayacaq. Çünki bizim ölkəmiz tolerant ölkədir. Bizdə dindarlar üçün hər cür şərait yaradılıb, bütün dinlərə münasibət eynidir. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir və bu siyasət öz bəhrəsini verir. Müqəddəs Məhərrəm ayında dindarlarımız torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməli, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunması üçün dualar etməlidirlər.
Şeyxülislam Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə axund və imamlara müvafiq tapşırıq və tövsiyələrini verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək milli mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb, Azərbaycanda dövlət-din münasibətlərinin normal məcrada inkişaf etdiyini bildirib. Qeyd edilib ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir.
QMİ-nin sədr müavini Salman Musayev deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcək, din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini dəqiqliklə çatdıracaqlar.
Sonra Məhərrəmlik ayı ilə bağlı fətva oxunub. Fətvada deyilir: “Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.
Məhərrəm tarixboyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, fəqət hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınıb.
İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir. Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda, insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır.
Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə Vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamın, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər. Din xadimləri Qazılar Şurasının Fətvasını məscidlərdə oxumalı və bu tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.
QMİ-nin təşəbbüsü ilə reallaşan və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb. Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Ümid edirik ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə xatir şəfa bəxş edəcəkdir, inşallah.
Bu gün dünyada, xüsusilə də müsəlman aləmində radikal qüvvələrin terror və təxribatçılıq fəaliyyəti nəticəsində müharibə və qırğınların artdığı bir dövrdə vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu nemətə görə Allah-Təalaya şükürlər edirik. Konstitusiya quruluşunun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, vətəndaşların din pərdəsi altında dövlətə qarşı itaətsizliyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki qətiyyətlə pisləyir və hesab edirik ki, dövlətimiz və xalqımız belə əməllərə layiqli cavab verəcək, məkrli qüvvələrin İmam Hüseyn (ə) təziyadarlığından siyasi təxribatlar üçün istifadəsinə imkan verməyəcəkdir. Din xadimlərimizi və dindarlarımızı respublikamızdakı mövcud sabitliyin qorunması üçün çalışmağa, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar mümkün hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar. QMİ məzhəbindən asılı olmayaraq bütün ölkə müsəlmanlarına islami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ, Xocalı şəhidlərimizin ruhuna dualar etməyi tövsiyə edir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Azərbaycan dövlətçiliyinin əsasını qoymuş ümummilli lider Heydər Əliyevə Allah-Təaladan rəhmət diləyir, dövlətimizin siyasi-iqtisadi və mənəvi inkişafı üçün misilsiz səylər göstərən, tolerantlığın və multikultural dəyərlərin təminatçısı və himayədarı olan, dünya miqyasında İslam həmrəyliyi ideyalarını müdafiə edən dövlətimizin başçısı İlham Əliyevin fədakar fəaliyyətinə Uca Allahdan inayət arzulayır, xalqımızın əmin-amanlığı və rifahı üçün dualar edir. Allah köməyimiz olsun!”.
Sonra ulu öndər Heydər Əliyevin 1995-ci ildə Təzəpir məscidində Aşura mərasimində iştirakı ilə bağlı videoxronika nümayiş etdirilib.
Daha sonra QMİ-nin yerlərdəki nümayəndələri çıxışlar ediblər.

Din 2018-09-04 11:35:00

Video