×
A
A
A
Sazlamalar

Çin şirkətləri gənc futbolçu Mbappenin adını ticarət markası kimi rəsmiləşdirmək istəyir

Pekin, 17 iyul, AZƏRTAC

Çinin 189 şirkəti futbol üzrə 21-ci dünya çempionatının qalibi olmuş Fransa yığmasının gənc hücumçusu Kilian Mbappenin adını ticarət markası kimi rəsmiləşdirmək istəyir.
AZƏRTAC xəbər verir ki, həmin şirkətlər “Mbappe” adını öz məhsul və xidmətləri üçün ticarət markası kimi istifadə məqsədilə Çinin müvafiq dövlət qurumuna müraciət edib. Onlardan 159-u “Mbappe” sözünün Çin dilində tələffüz formasını, 30-u isə futbolçunun adının latın qrafikası ilə yazılışı formasını ticarət markası kimi rəsmiləşdirmək istəyir. Müraciətlərin böyük hissəsi Fransa yığmasının dünya çempionatının səkkizdəbir final mərhələsində Argentina millisini məğlub etdiyi oyunda Mbappenin rəqib qapısına 2 qol vurmasından sonra təqdim olunub.
Mütəxəssislər “Mbappe” ticarət markasının qeyd alınmasının gələcəkdə müəyyən problemlər yarada biləcəyini istisna etmirlər. Belə ki, bir neçə il əvvəl məşhur basketbolçu Maykl Cordan məhkəməyə müraciət edərək, Çinin idman geyimləri və məhsulları istehsal edən şirkətinin qeydə aldığı “Qiaodan” ticarət markasının əslində onun adının Çin dilində tələffüzü olması barədə iddia qaldırmışdı. Basketbolçu Çin şirkətinin onun icazəsi olmadan bu addımı atdığını bildirmişdi. Dörd il davam edən məhkəmə prosesindən sonra Çin məhkəməsi basketbolçunun iddiasının haqlı olmasına qərar vermişdi.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2018-07-17 13:46:00