×
A
A
A
Sazlamalar

Beynəlxalq yay məktəbinin iştirakçıları üçün ilk mühazirə “Bitki mühafizəsi və ərzaq təhlükəsizliyi” mövzusuna həsr olunub

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 16-dan 28-dək Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən “Davamlı inkişaf hədəfləri” 1-ci Beynəlxalq yay məktəbinin iştirakçıları üçün ilk mühazirə “Bitki mühafizəsi və ərzaq təhlükəsizliyi” mövzusunda olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, mühazirəni universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov aparıb. Rektor qeyd edib ki, 2030-cu ilə qədər Davamlı İnkişaf Gündəliyinin əsas hədəflərindən biri yoxsulluğun aradan qaldırılması, ərzaq təhlükəsizliyinə və normal qidalanmaya nail olunması, davamlı kənd təsərrüfatının təşviq edilməsidir.
Bildirilib ki, bitkilərin xəstəlik və zərərvericiləri 30-32 faizinin, məhsulun saxlanma prosesində 10-12 faizinin yararsız hala düşməsinə səbəb olur.
Mühazirədə kartofda fitaftoroz və xərçəng, üzümdə mildium xəstəliyi, buğdanın xəstəlik törədiciləri, bütövlükdə xəstəlik və zərərvericilərin ərzaq təhlükəsizliyinə təsiri, bitki mühafizəsində müasir idarəetmə metodları barədə geniş məlumatlar verilib, tələbələrin sualları cavablandırılıb.
Sonra tələbələr aqronomluq fakültəsinin laboratoriyaları, bitki klinikası ilə tanış olublar.
ADAU-da keçirilən 1-ci Beynəlxalq yay məktəbində Azərbaycan, Belarus, Çexiya, Çin, Gürcüstan, İran, Özbəkistan, Polşa, Qazaxıstan, Rusiya və Türkiyədən 34 tələbə iştirak edir.

Regionlar 2018-07-17 13:00:00