×
A
A
A
Sazlamalar

Özəl toxumçuluğun inkişafına 1 milyon manata qədər vəsaitin ayrılması planlaşdırılır

Bakı, 12 iyul, AZƏRTAC 

Respublikamızda özəl toxumçuluğun inkişafı ilə bağlı 1 milyon manata qədər vəsaitin ayrılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev jurnalistlərə müsahibəsində deyib.
Dövlət Xidmətinin rəhbəri bildirib ki, sözügedən vəsait özəl toxumçuluq sahəsində texnologiya bazasının inkişafı məqsədilə verilir.
Qeyd olunub ki, bir toxum istehsalçısına düşən maliyyə vəsaiti təqribən 50 min manatdır. Bundan başqa, toxumçuluqla məşğul olan bir neçə nəfər birləşərək həmin vəsaiti əldə edə bilərlər. Bunun üçün isə beynəlxalq təcrübəyə əsaslanmış prosedur qaydaları var.
M.Əliyev onu da diqqətə çatdırıb ki, fermerlərə pul əvəzsiz - qaytarılmamaq şərtilə verilir. Bunun üçün fermerlər 100 min manatlıq biznes plan təqdim etməlidirlər. “Bu vəsait dövlət tərəfindən toxumçuluğun inkişafına yönəlmiş bir addımdır. Fermerlər sözügedən vəsaiti müraciətlər əsasında artıq bu gündən başlayaraq ala bilərlər. Müvafiq sənədlərin alınması, biznes planların hazırlanması istiqamətində lazımi dəstəyi verəcəyik. Bu məqsədlə dövlət xidmətində işçi qrup da yaradılıb”, - deyə M.Əliyev vurğulayıb.

Biznes 2018-07-12 14:40:00