×
A
A
A
Sazlamalar

Azərbaycan BMT-də üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub

Vaşinqton, 22 iyun, AZƏRTAC 

İyunun 20-21-də BMT-nin Baş Qərargahında təşkilata üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin məlumatına görə, zirvə görüşündə ölkəmizi Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Tədbirdə BMT-nin xüsusi siyasi və sülhməramlı missiyalarında xidmət edən polis komponentinin sülh və təhlükəsizliyin qorunması, münaqişələrin qarşısının alınması, transmilli cinayətkarlığa qarşı mübarizədə rolu, BMT polisinin fəaliyyətində əsas inkişaf tendensiyaları, əldə edilmiş tərəqqi, prioritet və ehtiyaclar və meydana çıxan təhdidlərlə bağlı müzakirələr aparılıb.
Hazırda BMT-nin müxtəlif xüsusi siyasi və sülhməramlı missiyalarında 1000-dən çox qadın olmaqla 11 min polis xidmət edir.

 

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Siyasət 2018-06-22 07:03:00