×
A
A
A
Sazlamalar

Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi Daşkənddə keçirilən beynəlxalq sərgidə təmsil edib

Daşkənd, 6 iyun, AZƏRTAC
Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu şəhərdə keçirilən “Qızıl əllər” beynəlxalq sərgisində ölkəmizi təmsil edib. Özbəkistan Mədəniyyət Nazirliyi, Rəssamlıq Akademiyası və Daşkənd Şəhər Hakimiyyətinin dəstəyi ilə Gənclər Sarayında baş tutan tədbirdə sənətkarların əl işləri nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Əlişir İkramov festivalın əhəmiyyətindən danışıb. Bildirib ki, festival yeniyetmələrin və gənclərin milli ənənələri öyrənməsi və təbliği, habelə xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Digər çıxış edənlər festivalın istedadların üzə çıxarılması və təcrübə mübadiləsi istiqamətlərində gözəl platforma olduğunu vurğulayıblar.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Polad Zeynalov iki xalq arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışaraq belə tədbirlərin xalqlarımızın zəngin mədəni irsinin, o cümlədən incəsənətinin nümayiş etdirilməsi üçün əlverişli imkanlar yaratdığını söyləyib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyası nümayiş etdirilib. Əvvəlcə Azərbaycanın Qarabağ bölgəsinə aid qadın geyimləri təqdim olunub. “Qarabağ şikəstəsi”nin sədaları altında təqdim olunan milli libaslarımız iştirakçıların alqışları ilə qarşılanıb. Xalqımızın əsrlərboyu qoruyub saxladığı və yaratdığı geyimlərin tariximizin və mədəniyyətinin bir göstəricisi olduğu diqqətə çatdırılıb.
Festivalda, həmçinin ənənəvi özbək geyimləri, habelə modelyerlərin kolleksiyaları nümayiş olunub. Tədbirdə əl işləri də sərgilənib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

İncəsənət 2018-06-06 15:08:00