×
A
A
A
Sazlamalar

Balakəndə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilir

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Balakən rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda ikigünlük regional konfrans öz işinə başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, konfransın birinci günündə məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloq və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.
Tədbiri açan Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, bu, dini radikalizm və dini ekstremizmlə ideoloji müstəvidə səmərəli mübarizənin aparılmasında mühüm rol oynayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov vurğulayıb ki, respublikamızda dini durum sabitdir, həmçinin dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Hazırda dünyada dini konfessiya və qrupların fəallığı müşahidə edilməkdədir. Təəssüflə qeyd edilməlidir ki, bəzən bu cür qrupların fəaliyyətlərində və dini inanclarında ekstremizm meyillərinə rast gəlinir. Natiq bəzi ölkələrdə islamofobiya meyillərinin genişlənməsinin və dinlərarası münasibətlərin gərgin müstəviyə keçidinin müşahidə olunduğunu da vurğulayıb. O bildirib ki, gənclərin dini radikalizm və zərərli cərəyanların təsirlərindən qorunması üçün yüksək təhsilə yiyələnmələri vacibdir. İslamın sülh dini olduğunu diqqətə çatdıran G.İsmayılov deyib ki, dinimiz yalnız inanc, mənəvi dəyərlər sistemi deyil, fərdlə yanaşı, cəmiyyəti də öz prinsiplərinə uyğun formalaşdırmağı qarşısına məqsəd qoyan və ilahi mahiyyət daşıyan yoldur. Ancaq bu ideologiya bütün digər idarəçilik sistemlərini və siyasi quruluşları rədd etməyə, teokratik dövlət qurmağa çağırmır. İslama görə başqaları müsəlmanın nə dilindən, nə də əməlindən zərər görməməlidir. Özünü ləyaqətli müsəlman hesab edən insan Vətəni, dövləti və yaşadığı cəmiyyət qarşısında daşıdığı məsuliyyəti dərk etməli, xalqın milli mənəvi dəyərlərinə sadiq olmalı və onları qorumağı bacarmalıdır. Dinimizin çağdaş və mədəni müsəlman modeli müqəddəs kitabımız Qurani-Kərimə əsaslanır və bütün dövrlər üçün dəyişməz qalır.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov ölkəmizdə dini ekstremizmə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. O, bildirib ki, dini radikalizmlə mübarizədə, ilk növbədə, onu yaradan səbəbləri müəyyənləşdirmək lazımdır.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb.

Din 2018-05-30 16:30:00