×
A
A
A
Sazlamalar

Azərbaycanın Misirdəki diasporunun fəaliyyəti yüksək qiymətləndirilib

Qahirə, 20 may, AZƏRTAC

Misir Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin və yeni yaradılmış Misir–Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Üsəmə əl-Abd ilə Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, Qahirə Universitetinin müəllimi, tədqiqatçı alim Seymur Nəsirov arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun yaradılmasının ölkələrimiz üçün əlamətdar hadisə olduğu və dövlətlərimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafında yeni töhfələr verəcəyi vurğulanıb.
S.Nəsirov Azərbaycanın Misirlə ikitərəfli əlaqələrə böyük önəm verdiyini bildirərək, ölkələrimiz arasında tarixi əlaqələrdən danışıb. O, bu ölkədəki diasporumuzun fəaliyyətindən və bu gün Misirin müxtəlif universitetlərində 600-dən çox tələbəyə Azərbaycan dilinin tədris edildiyi barədə ətraflı məlumat verib.
Üsəmə əl-Abd Azərbaycanın Misirdəki diasporunun fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycan xalqına Cümhuriyyətin 100 illiyi münasibətilə təbriklərini çatdırıb.
Görüş zamanı gələcək planlar haqqında geniş fikir mübadiləsi aparılıb.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Diaspor 2018-05-20 21:04:00