×
A
A
A
Sazlamalar

Bərdədə keçirilən imtahanlarda yeddi rayondan olan 1193 abituriyent iştirak edib

Bərdə, 20 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 20-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
DİM-in Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Bərdə şəhərində keçirilən imtahanda bu rayondan, həmçinin Ağdam, Ağcabədi, Tərtər, Xocavənd, Beyləqan və Laçından olan 1193 abituriyent iştirak edib. Bərdə şəhər 5 və Ağdam 12 nömrəli (Bərdədə) tam orta məktəblərdə təşkil olunan imtahanlar 7 imtahan rəhbəri və 84 nəzarətçi-müəllim tərəfindən idarə olunub. Saat 11:00-da başlayan imtahanlar təlimata uyğun olaraq 3 saat davam edib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.
Qeyd edək ki, imtahan materiallarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

Regionlar 2018-05-20 16:17:00