×
A
A
A
Sazlamalar

Göyçayda 6 rayondan olan 1492 abituriyent qəbul imtahanlarında iştirak edib

Göyçay, 20 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də Göyçay rayonunda 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün birinci və dördüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsinin müdiri Məhəmməd Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanlar Göyçay şəhərində 3 mərkəzdə təşkil olunub. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, şəhər 1 və 7 saylı orta məktəbdə keçirilən imtahanlarda 1492 abituriyent iştirak edib.
Ümumilikdə 55 zalda keçirilən imtahanların idarə olunmasına 10 imtahan rəhbəri və 116 nəzarətçi müəllim ayrılıb. İmtahan mərkəzlərində abituriyentlərə biliyini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. Göyçay, Ucar, Zərdab, Kürdəmir, Ağsu və İsmayıllıdan olan abituriyentlər müvafiq sənədləri-şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etdikdən sonra imtahana buraxılıblar.
İmtahanlar nəzərdə tutulan qaydalara uyğun saat 11:00-da başlayıb və 3 saat davam edib. İmtahanda abituriyentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunub. Suallar I ixtisas qrupunda riyaziyyat, fizika, kimya, xarici dil və ana dili fənlərindən, IV ixtisas qrupunda isə riyaziyyat, ana dili, fizika, kimya və biologiya fənlərindən olub. Təqdim olunan 125 sualdan 12-si açıq tipli test tapşırıqları olub.
DİM-in Göyçay regional bölməsindən bildirilib ki, hər 3 mərkəzdə imtahanlar mövcud təlimata uyğun aparılıb. Şəffaf şəraitdə keçən imtahanların gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb. İmtahan rəhbərləri, nəzarətçi müəllimlər öz vəzifələrini peşəkarlıqla yerinə yetiriblər.

Regionlar 2018-05-20 14:20:00