×
A
A
A
Sazlamalar

Qazaxda görkəmli hərbi xadimlər general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşları anılıb

Qazax, 18 may, Famil Quliyev, AZƏRTAC
Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilində müstəsna xidmətləri olmuş görkəmli hərbi xadimlər general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və qonaqlar “Fəxri Qazaxlılar” parkı ilə tanış olub, rayonun yetirmələri olan elm, mədəniyyət, incəsənət xadimlərinin, eləcə də adları dünya hərb tarixinə qızıl hərflərlə yazılmış “artilleriyanın allahı” general-leytenant Əlağa Şıxlinskinin, ilk azərbaycanlı general-topoqraf İbrahim ağa Vəkilovun, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun və digər qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirə kompleksi ziyarət olunub, əbədi məşəl qarşısına qərənfillər düzülüb.
Nəriman Nərimanov adına istirahət parkında keçirilən anım mərasimini Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq deyib: “Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması haqqında Sərəncamını bütün xalqımız kimi, Qazax rayonunun sakinləri və bu bölgənin keşiyini çəkən Vətən müdafiəçiləri də böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Hazırda bütün təhsil ocaqlarında, hərbi kollektivlərdə, mədəniyyət müəssisələrində bu münasibətlə silsilə tədbirlər keçirilir. Bütün bunlar hamısı ölkə rəhbərliyinin tariximizə olan sonsuz sevgi və məhəbbətinin təcəssümüdür. Həqiqətən də Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri müstəqilliyini yenidən bərpa etmiş respublikamızda daha da canlanır. 2016-cı ilin aprelində Ali Baş Komandanımızın rəhbərliyi altında qazandığımız qələbə əcdadlarımızın qəhrəmanlıq ənənələrinin davamıdır”.
İcra hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin həmişə tariximizə, xüsusilə hərb tariximizə böyük önəm verdiyini qeyd edərək, Ulu Öndərin bu kəlamlarını tədbir iştirakçılarına xatırladıb: “Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissidir. Güman edirəm ki, xalqımız tarixi ənənələrimizi, keçmişimizi yada salaraq Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir”. Rəcəb Babaşov qeyd edib ki, artıq dahi rəhbərimizin arzuları uğurla həyata keçir, xalqımız öz gələcəyini tarixdən ibrət götürərək, milli mənəvi dəyərlərimizə söykənərək qurur və daha işıqlı, daha nurlu sabahlara doğru inamla irəliləyir.
Layihənin müəllifi, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani hərbçi Şıxlinski qardaşları haqqında ətraflı məlumat verib. Onların general-leytenant Əlağa Şıxlinskinin qardaşı oğulları, Hüseyn Əfəndi Qayıbovun isə nəvələri olduqlarını nəzərə çatdırıb.
Vurğulanıb ki, hər iki qardaş Qazaxlı kəndində, Məmməd ağa Şıxlinskinin ailəsində dünyaya gəlib, Tiflisdə zadəganlar üçün Kabet korpusunda, sonra isə Peterburqda Mixoylov Topçuluq Məktəbində oxuyublar. Bu qardaşlar bir müddət çar ordusunda xidmət etmiş, Birinci Dünya müharibəsi illərində Tatar alayının tərkibində vuruşmuş, dövrün ən yüksək döyüş ordenlərinə layiq görülmüşlər. Şıxlinski qardaşlarının 1918-ci ildə yenicə yaradılan Milli Ordunun təşkilində müstəsna xidmətləri olub. Cavad bəy Azərbaycan Ordusunda “general-mayor” ali hərbi rütbəsinə, Rüstəm bəy isə “polkovnik” rütbəsinə yüksəlib. Onlar Bakının daşnaklardan təmizlənməsində, işğalçılardan azad edilməsində, Qarabağda, Zəngəzurda əsl qəhrəmanlıq nümunələri göstəriblər.
Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Şıxlinski qardaşları yenə də silahlarını yerə qoymamış və Vətən uğrunda cihada qalxmışlar. 1920-ci ilin may ayının sonlarında baş vermiş Gəncə üsyanının təşkilatlanmasında, bolşeviklərə qarşı müqavimət göstərilməsində Şıxlinski qardaşlarının xidmətləri əvəzedilməzdir. Gəncə üsyanı məğlubiyyətlə başa çatsa da, bu, tariximizdə bolşevizmə, istibdada, köləliyə, müstəmləkəyə qarşı ən böyük azadlıq mübarizəsidir. Bu üsyan zamanı neçə-neçə görkəmli hərbi xadimlə birlikdə Rüstəm bəy də Nargin adasında güllələnmiş, qardaşı Cavad bəy isə yaralı vəziyyətdə döyüş meydanından çıxarılaraq əvvəl Qazaxa, oradan Gürcüstana, sonra isə Türkiyə və İrana aparılmışdır. Sonrakı həyatı mühacirətdə keçən Cavad bəy İranda da peşəkar hərbçi kimi xidmətini davam etdirmiş, hətta Ərdəbilin hərbi komandanı təyin olunmuş, bir müddət İran şahının hərbi müşaviri kimi fəaliyyət göstərmişdir.
“1959-cu ildə Tehranda vəfat edən Cavad bəyin təyyarəçi və mühəndis olan iki oğlunun, həkim qızının və nəvə-nəticələrinin axtarışı tərəfimizdən davam etdirilir”, - deyə Abdulla Qurbani bildirib.
Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi, pedaqoji elmlər namizədi, dosent Arif Veysov Azərbaycan Prezidentinin müvafiq sərəncamlarının siyasi və tarixi əhəmiyyətindən danışıb və bu sərəncamların icrası ilə əlaqədar keçirilən tədbirlərin gənclərin hərbi vətənpərvərlik, ata-babalarının qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Rüstəm bəyin nəvələri Rüstəm və Fuad Şıxlinskilər dayıları haqqında analarından eşitdikləri xatirələri yada salıb və bu tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıq ediblər.
Tədbirin sonunda Cavad bəy və Rüstəm bəy Şıxlinski qardaşlarının vaxtilə yaşadıqları evə baxış olub və Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində həmin evə xatirə lövhəsinin vurulması qərara alınıb.

Regionlar 2018-05-18 19:44:00