×
A
A
A
Sazlamalar

Respublika Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

Bakı, 18 may, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında Sərəncamı ölkə rəhbərliyinin xalqımızın dövlətçilik ənənələrinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə yüksək dəyər verməsinin növbəti göstəricisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 23 aylıq fəaliyyəti xalqımızın tarixinin parlaq səhifələrindəndir. Bugünkü müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin siyasi və mənəvi varisidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə mayın 18-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilmiş tədbirdə səslənib.
Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov çıxış edərək bildirib ki, Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması xalqımız üçün qürurvericidir. Xalq Cümhuriyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Cümhuriyyətin qurulması sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunmasına, müstəqil respublika kimi inkişafına əsaslı zəmin yaradıb.
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin geniş qeyd olunması, eləcə də 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə sərəncamlarının əhəmiyyətini xüsusi vurğulayan T.Ağahüseynov bildirib ki, bu mühüm sənədlər həmin dövrdəki tarixi hadisələrin, qazanılan nailiyyətlərin gənclərimizə çatdırılması və öyrədilməsi baxımından böyük önəm daşıyır. Veteranlarımız dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyəti dövrünə göstərdiyi bu diqqəti yüksək qiymətləndirirlər. Azərbaycan dövləti və xalqı bu tarixi nailiyyətin qazanılmasında xidməti olan Cümhuriyyətin qurucularının xatirəsini hörmət və ehtiramla anır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən və fəaliyyətindən danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, xalqımız uzun illər müstəqillik arzusu ilə yaşayıb. Nəhayət, XX əsrin əvvəllərində baş verən proseslər, eləcə də Cənubi Qafqaz regionunda yaranmış şərait Azərbaycanın müstəqilliyini əldə etməsinə tarixi imkan yaradıb. Bu imkandan istifadə edən Cümhuriyyətin qurucuları 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunması haqqında tarixi qərar qəbul ediblər. Beləliklə, Azərbaycanın milli dövlətçiliyi bərpa olunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün dünyaya elan edilib. Xalqımız uzun illərdən bəri arzuladığı azadlığına qovuşub. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti siyasi, iqtisadi, sosial, maarif, mədəniyyət və digər sahələrdə mühüm tədbirlər həyata keçirib. XX əsrin əvvəllərindəki çətin ictimai-siyasi şəraitdə xalqımızın ziyalıları Azərbaycan Xalq Cümhuriyyətini quraraq onun müstəqilliyinin dünyada tanınması üçün böyük işlər görüblər. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süquta uğrasa da, 71 ildən sonra - 1991-ci il oktyabrın 18-də tarixi yaddaşına sadiq qalan xalqımız yenidən müstəqilliyinə qovuşub. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib və ölkə həyatının bütün sahələrində inkişafın əsasları qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Lətif Babayev, Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu və başqaları çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışıblar. Çıxış edənlər Cümhuriyyət dövründə Azərbaycanın müstəqil dövlət atributlarının qəbul edilməsi, ölkənin hazırda mövcud olan əksər dövlət orqanlarının yaradılması, milli valyutanın dövriyyəyə buraxılması və digər fəaliyyətlər barədə tədbir iştirakçılarına məlumat veriblər. İlk müstəqil respublikanın demokratik idarəçilik mexanizmlərinə, parlamentli respublika quruluşuna malik olduğu çıxışlarda xüsusi vurğulanıb.
Qeyd olunub ki, hazırda Azərbaycan dövləti bütün sahələrdə sürətlə inkişaf edir. Bu gün qarşımızda duran əsas məqsəd ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqində və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup şəxs Respublika Veteranları Təşkilatının medal və fəxri fərmanları ilə təltif olunub.

Sosial 2018-05-18 13:11:00