×
A
A
A
Sazlamalar

Nazir: “Aqrolizinq”lə fermer və sahibkarlar arasındakı ünsiyyət qarşılıqlı dialoq üzərində qurulmalıdır”

Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də Kənd Təsərrüfatı Nazirliyində nazir İnam Kərimov və “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin iştirakı ilə toplantı keçirilib.
“Fermerlərlə ən çox təmasda olan və onları dinləyən “Aqrolizinq”dir. Onlar idarəçiliyi düzgün qurmalı, fəaliyyətləri çevik və operativ olmalıdır. Pambıq və taxıl məhsulları ölkəmiz üçün prioritet sahələrdir və onların vaxtında və itkisiz yığılması məsuliyyəti məhz “Aqrolizinq”in üzərinə düşür. “Aqrolizinq”lə fermer və sahibkarlar arasındakı ünsiyyət qarşılıqlı dialoq üzərində qurulmalıdır. Bunlar bizim əsas fəaliyyət prinsiplərimizdir”, - deyə nazir toplantını açıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, toplantıda nazir taxıl biçini kampaniyası başlamazdan əvvəl “Aqrolizinq” ASC-nin qarşısına qoyulan əsas vəzifələri - mövcud texnika mövsümlə bağlı tam işlək vəziyyətdə və taxıl yığımı kampaniyası səmərəli təşkil olunmalı, kombaynların dislokasiyası müəyyən edilməli, tarlada texnika sürtkü yağları və yanacaqla təmin olunmalı, bitkiləri zərərvericilərdən qorumaq üçün dövri mətbuatda mütəmadi olaraq maarifləndirici verilişlər hazırlanmalı və maliyyə nizam-intizamına, şəffaflığa və dövlət vəsaitinə ciddi nəzarət olunmasını toplantı iştirakçılarının nəzərinə çatdırıb.
Sonda nazir İnam Kərimov “Arqolizinq” ASC-yə və onun regional nümayəndəliklərinə öz tapşırıq və tövsiyələrini verib.

Biznes 2018-05-11 19:15:00