×
A
A
A
Sazlamalar

Qida Təhlükəsizliyi Agentliyi sahibkarların qarşısına çıxan problemlərin həllinə kömək edəcək YENİLƏNİB

Bakı, 11 may, Ramiz Quliyev, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi sahibkarların qarşısına çıxan problemlərin həllinə kömək edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 11-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi rəhbərliyinin sahibkarlarla görüşündə səsləndirilib. Görüşün keçirilməsində məqsəd sahibkarlarla dialoqun qurulması və qarşılıqlı etimad mühitinin yaradılmasıdır.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, qida məhsullarının ictimai iaşə və xidmət sahələrində istifadəsi istiqamətində qanunvericiliyin tələblərini sahibkarların diqqətinə çatdırıb.
Q.Təhməzli vurğulayıb ki, agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində sahibkarlarla sıx əməkdaşlıq edəcək.
Agentliyin sədr müavini Rüfət Rüstəmzadə mayın 16-18-də Bakı Ekspo Mərkəzində baş tutacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018”də beynəlxalq sərginin yerli sahibkarlar üçün yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradacağını qeyd edib.
Sədr müavininin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi may ayının 20-dən etibarən sahibkarlarla müntəzəm görüşlər keçirməyi planlaşdırır. Görüşlərin əsas məqsədlərindən biri də sahibkarların qarşısına çıxan problemlərin həllindən ibarətdir.
Bundan başqa, beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli məhsulların istehsalı, ixrac-idxal prosesində ən sadə modellərin tətbiqi də hər iki tərəf qarşısında duran əsas məsələlərdən biridir.
Tədbirdə çıxış edən “Iteca Caspian” şirkətinin prezidenti Fərid Məmmədov təşkil olunacaq sərginin qida sənayesi sahəsinə töhfələr verəcəyini bildirib.
Qeyd olunub ki, regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri olan, süd, qənnadı məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz, laboratoriya avadanlıqları və bir sıra digər məhsulların təqdim olunacağı Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi ötən müddət ərzində Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini möhkəmləndirib.
Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Biznes 2018-05-11 16:04:00