×
A
A
A
Sazlamalar

Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək

Bakı, 3 may, AZƏRTAC

İyunun 5-də Bakıda ənənəvi Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək.
Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK) AZƏRTAC-a bildirilib ki, biznes forum Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, AHK və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə əməkdaşlığı ilə keçiriləcək.
Biznes forum Azərbaycanın iqtisadi islahatları ilə bağlı yeni perspektivləri təqdim edəcək və biznes liderləri, investorlar, hökumət nümayəndələri və digər şəxslərdən ibarət təxminən 500 yüksək səviyyəli nümayəndələri bir araya gətirəcək. İştirakçıları mövcud biznes imkanları və çətinliklər barədə dialoqa cəlb etmək məqsədilə mühüm sektorlardan olan kənd təsərrüfatı və qida, tikinti və maşınqayırma, nəqliyyat və logistika, İKT və elektron ticarət sahələri ilə bağlı panel müzakirələri təşkil olunacaq.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas hər il keçirilən biznes forumun məqsədilə bağlı deyib: "Son illərdə Azərbaycan hökuməti iqtisadi islahatların həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. Biznes forum bu nailiyyətlərə və hələ də mövcud olan çətinliklərə nəzər yetirilməsi, Aİ və Azərbaycandan olan bütün maraqlı tərəflərin fikir və təcrübələrinin paylaşılması və yeni biznes əlaqələrinin yaradılması üçün unikal imkanlar təqdim edir”.
Azərbaycan və Aİ şirkətləri yeni biznes əlaqələri yaratmaq məqsədilə ikitərəfli görüşlər (B2B) keçirmək imkanı əldə edəcəklər.

Biznes 2018-05-03 11:12:00