×
A
A
A
Sazlamalar

Raqif Yusifov: "Azərbaycanın yüksək texnologiyalı məhsullarına böyük maraq var"

Tbilisi, 26 aprel, AZƏRTAC

"Gürcüstanda təşkil olunan sərgidə Azərbaycan məhsullarına böyük maraq var. Bizim də əsas məqsədimiz Azərbaycanın yüksək texnologiyalı məhsullarını dünya bazarına çıxarmaq, dünyanın məşhur brendlər ilə rəqabət aparmaq və uzunmüddətli layihələrdə iştirak etməkdir".
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Sumqayıt Texnologiyaları Parkının (STP) beynəlxalq satış departamentinin korporativ satış paketinin müdiri Raqif Yusifov söyləyib.
O deyib ki, STP Tbilisidə keçirilən XXII Beynəlxalq inşaat və dizayn "Caucasus Build 2018" sərgisində parka daxil olan 13 şirkətin məhsullarını təqdim edir. Sərgi iştirakçıları bizim məhsullarımıza böyük maraq göstərirlər. Regionda yeganə olan Kabel Zavodunun istehsal etdiyi güc və optik kabelləri xüsusi diqqət çəkir.
Bir çoxları, Qazaxıstanda və Qırğızıstanda elektrik yarımstansiyalarında bizim yüksək gərginlikli kabellərimizdən istifadə olunduğunu bilir. Eyni zamanda, TANAP layihəsində də Dəqiq Mexanika Zavodunun məhsullarından istifadə olunur. Bu da xarici şirkətlərin diqqətini çəkir.
"Düşünürəm ki, bu sərgidən sonra bizim məhsullarımıza diqqət və maraq daha da artacaq və biz qarşıya qoyduğumuz məqsədə çatacağıq", - deyə R.Yusifov vurğulayıb.
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı Tbilisidə keçirilən sərgidə “Made in Azerbaijan” brendi altında istehsal etdiyi inşaat materiallarını, o cümlədən müxtəlif çeşidli kabellər, kabel kanalları, plastik borular, fitinqlər, sendviç panellər, PVC, alüminium profillər, polikarbonat, armatur və sairə məhsullarının nümunələrini nümayiş etdirir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Biznes 2018-04-26 14:09:00