×
A
A
A
Sazlamalar

“Estoniyada müsəlman icmasının 90 ili” mövzusunda konfrans keçirilib

Tallinn, 26 aprel, AZƏRTAC 

Estoniya Respublikasının 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində və Müxtəliflik Günündə Estoniya Milli Kitabxanasında “Estoniyada müsəlman icmasının 90 ili” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Tartu Universiteti, Estoniya Mədəniyyət və Daxili İşlər nazirlikləri, habelə İnteqrasiya Fondu, Estoniya Yevangelist Lüteran Kilsəsi və yəhudi dini icması ilə birlikdə müsəlman icması tərəfindən təşkil edilib. Konfransda Rusiyadan tutmuş ABŞ-dək müxtəlif ölkələrin müsəlman ictimai və din xadimləri, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev və “Orxan” bazar günü məktəbinin başçısı Sənəm Əliyeva iştirak ediblər.
Konfransda sosial problemləri həll etmək üçün müxtəlif dini konfessiyalar arasında əməkdaşlıq, habelə dinlərarası dialoqun, cəmiyyətin və dövlətin sabitliyinin rəhni kimi müsəlman icmalarının dövlət və ictimai təsisatlarla qarşılıqlı fəaliyyətinin zəruri olması məsələləri nəzərdən keçirilib.
Estoniyada müsəlman icmasının tarixi özəyini azərbaycanlılar, tatarlar, türklər, qazaxlar, qırğızlar, özbəklər, başqırdlar təşkil edir. Onlar həm də milli-mədəni icmalarda birləşiblər, yaradıcı kollektivlər və bazar günü məktəbləri yaradıblar. Bu il Estoniya müsəlmanları üçün ikiqat əlamətdardır. Estoniyanın tatar icması 1928-ci il mayın 18-də Narvada ilk məscidi açıb. SSRİ dağılandan sonra müsəlman xalqlarının nümayəndələri rəsmi olaraq vahid icmada birləşiblər.
2015-ci ildə icmaya tatar, Azərbaycan, türk, qazax, qırğız, özbək və başqırd icmalarının nümayəndələrindən ibarət Şura başçılıq edir. Şurada sünnilərlə şiələr əməkdaşlıq edirlər. Bu da dünyanın bir çox ölkələri üçün unikal örnəkdir. Estoniyanın müsəlman icmasının başlıca vəzifəsi ölkədə yaşayan müsəlman xalqlarının mənəvi-mədəni irsini qoruyub saxlamaqdır.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Din 2018-04-26 12:29:00