×
A
A
A
Sazlamalar

Dini radikalizmlə və ekstremizmlə mübarizədə gənclərin üzərinə böyük məsuliyyət düşür

Bakı, 19 aprel, AZƏRTAC

Kürdəmirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda iki günlük seminar-müşavirə işə başlayıb.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, din xadimlərinin, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov mövzunun əhəmiyyətindən danışıb. O, bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib və rayondakı dini durum, eləcə də dini icmaların fəaliyyəti barədə məlumat verib.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, o cümlədən dini radikalizm və dini ekstremizmin törətdiyi fəsadlardan bəhs edib. O vurğulayıb ki, müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın əksər bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri dağıdılır. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edirlər.
Ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən də bəhs edən S.Salahlı vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dini konfessiyaların nümayəndələri hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Məhz bütün bunların nəticəsidir ki, xalqımız bu il aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevə növbəti dəfə etimad göstərdi.
Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi və dini sabitlikdən danışan S.Salahlı respublikamızda aparılan dini radikalizmlə mübarizə tədbirlərinə də toxunub. Dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı müddəaların Azərbaycan Respublikasının qanunlarında da əksini tapdığını bildirən natiq deyib ki, dini radikalizm və ekstremizmlə mübarizə üsulları kimi maarifləndirici, preventiv, profilaktik və inzibati metodlardan istifadə olunur. Dövlət Komitəsi sədrinin birinci müavini bu istiqamətdə din xadimlərinin, dindarların və gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Füzuli Cəfərov isə çıxışında dinə və dindarlara göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, Prezident İlham Əliyevin seçkilərdəki qələbəsinin əsasında ona olan dərin etimad və inam dayanır.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Din 2018-04-19 10:57:00